Əlavə dəyər vergisinin qaytarılması sistemi çərçivəsində istifadə edilən stikerin forması və tətbiqi qaydası

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının
26.07.2016-cı il tarixli 1617050000008600 nömrəli
Qərarı ilə təsdiq edilmişdir

  

 Əlavə dəyər vergisinin qaytarılması sistemi çərçivəsində istifadə edilən stikerin forması və tətbiqi qaydası

1. Ümumi müddəalar

1.1. “Əlavə dəyər vergisinin qaytarılması sistemi çərçivəsində istifadə edilən stikerin forması və tətbiqi qaydası” (bundan sonra – Qayda) Azərbaycan Respublikası Prezidentinin “Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası”nın təsdiq edilməsi haqqında” 2016-cı il 12 iyul tarixli 985 nömrəli Fərmanının (bundan sonra -Fərman) 4.2-ci bəndinin icrası məqsədilə hazırlanmışdır.

1.2. Bu Qayda əlavə dəyər vergisinin (bundan sonra - ƏDV) qaytarılması sistemi çərçivəsində istifadə edilən stikerin formasını (Əlavə 1), tətbiqi və istifadəsi ilə bağlı şərtləri müəyyən edir.

1.3. Bu Qaydada istifadə olunan anlayışlar Fərmanla təsdiq edilmiş “Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası”nda (bundan sonra - Fərmanla təsdiq edilmiş Qayda) müəyyən olunmuş mənaları ifadə edir.

 

2. Satıcının stikerlə təchiz edilməsi

2.1. Vergi ödəyicisi ƏDV-nin qaytarılması sistemi çərçivəsində satıcı qismində qeydiyyata alınaraq operatorla xidmət müqaviləsi bağladıqdan dərhal sonra operator tərəfindən stikerlə təchiz edilir.

2.2. Satıcı ƏDV-nin qaytarılması şərti ilə satış həyata keçirdiyi təsərrüfat subyektinin (obyektinin) sayından, ölçüsündən və yerləşməsindən asılı olaraq stikerlə təchiz edilir. Stiker satıcıya təhvil verildikdə bu, müvafiq aktla rəsmiləşdirilir. Bu aktda aktın tərtib edildiyi yer, tarix, tərəflərin rekvizitləri, təqdim edilmiş stikerlərin sayı əks etdirilir, operatorun nümayəndəsi və satıcının, satıcı olmadıqda, onun səlahiyyətli nümayəndəsinin  imzası ilə təsdiq edilir.

2.3. Satıcıya təqdim edilmiş stiker zədələndikdə və ya əlavə stikerə ehtiyac yarandıqda satıcının müraciəti əsasında ona yeni stiker verilir. Zədələnmiş stiker operatora təhvil verilməlidir. Bu zaman bu Qaydanın 2.2-ci bəndində göstərilən akt tərtib edilir.

2.4. Operator Fərmanla təsdiq edilmiş Qaydada müəyyən edilmiş gömrük orqanını və müvəkkil bankı bu Qaydanın tələbinə uyğun olaraq stikerlə təchiz edir.

     

3. Stikerin yerləşdirilməsi (yapışdırılması)

3.1. Satıcı bu Qaydanın 2.2-ci bəndində qeyd edilən aktın təsdiqləndiyi gün stikeri satışın həyata keçirildiyi təsərrüfat subyektinə (obyektinə) daxil olmadan görünə bilməsi məqsədilə pəncərədən və ya qapıdan asmalı (yapışdırmalı) və ya təsərrüfat subyektinin (obyektinin)  giriş hissəsində aydın şəkildə görünə bilən yerdə yerləşdirməlidir (yapışdırmalıdır).

3.2. Stiker həmçinin alıcı tərəfindən ödənişin həyata keçirildiyi yerdə (kassada) alıcının görə biləcəyi yerdə də yerləşdirilməlidir (yapışdırılmalıdır).

3.3. Satıcı ƏDV-nin qaytarılması şərti ilə satıcı qismində qeydiyyatda olduğu və bu Qaydanın 2.1-ci bəndində göstərilən xidmət müqaviləsi qüvvədə olduğu müddətdə stikerin zədələnməmiş və yerləşdirilmiş (yapışdırılmış) şəkildə qalmasını təmin etməlidir.

3.4. Stiker zədələndikdə, oğurlandıqda və ya itirildikdə bu barədə dərhal operatora məlumat verilməlidir.

 

4. Stikerin çıxarılması

Satıcının ƏDV-nin qaytarılması şərti ilə satış həyata keçirmək məqsədi ilə qeydiyyatına xitam verildikdə və ya bu Qaydanın 2.1-ci bəndində göstərilən xidmət müqaviləsi ləğv edildikdə satıcı tərəfindən stiker yerləşdirildiyi (yapışdırıldığı) yerdən çıxarılmalı və bu Qaydanın 2.3-cü bəndinə müvafiq olaraq operatora təhvil verilməlidir.

 

Sosial şəbəkələrdə

TaxFREE Kalkulyator

TaxFREE Azərbaycan © 2016