"ƏDV-nin qaytarılması şərti ilə satış həyata keçirmək istəyən vergi ödəyicisinin satıcı kimi qeydiyyata alınması haqqında ərizə" formasının doldurulması qaydası

Azərbaycan Respublikası Vergilər Nazirinin
“15” iyul 2016-cı il tarixli 1617040101056100 №-li
Əmri ilə təsdiq edilmişdir

 

 

“ƏDV-nin qaytarılması şərti ilə satış həyata keçirmək istəyən vergi ödəyicisinin satıcı kimi qeydiyyata alınması haqqında ƏRİZƏ” formasının doldurulması

QAYDASI

 

“ƏDV-nin qaytarılması şərti ilə satış həyata keçirmək istəyən vergi ödəyicisinin satıcı kimi qeydiyyata alınması (qeydiyyatdan çıxarılması) haqqında ƏRİZƏ” forması Azərbaycan Respublikası Prezidentinin 12 iyul 2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş “Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin geri qaytarılması Qaydası”na əsasən Azərbaycan Respublikasında ƏDV-nin qaytarılması şərtilə satış həyata keçirmək istəyən əlavə dəyər vergisi məqsədləri üçün qeydiyyatda olan və həmin Qaydanın 3.2-ci bəndində müəyyən edilmiş tələblərə cavab verən vergi ödəyiciləri tərəfindən doldurulur və vergi orqanına kağız və ya elektron şəkildə təqdim edilir.

“1. Ərizənin təqdim edildiyi vergi orqanı” bölməsində ərizəni təqdim olduduğu müvafiq vergi orqanının adı 1.1-ci sətrdəki xanalarda göstərilir.

“2. Vergi ödəyicisi haqqında məlumat» bölməsində 2.1 sətrindəki xanalarda vergi ödəyicisi hüquqi şəxs olduğu halda onun qısaldılmış adı göstərilir. Əgər vergi ödəyicisi fiziki şəxsdirsə, bu halda onun soyadı tam, adı və atasının adının ilk hərfləri göstərilir. 2.2 sətrindəki xanalarda vergi ödəyicisinin 10 rəqəmli VÖEN-I, 2.3 sətrindəki xanada onun ƏDV-nin məqsədləri üçün qeydiyyatı barədə bildirişin nömrəsi göstərilir.

“3. ƏDV-nin qaytarılması şərtilə satış həyata keçirilən təsərrüfat subyekti (obyekti) haqqında” bölməsində ƏDV-nin qaytarılması şərtilə malların satışının həyata keçirilməsi nəzərdə tutulan təsərrüfat subyektinin (obyektinin) kodu və həmin obyektdə həyata keçirilən fəaliyyət növünün kodu göstərilir. Vergi ödəyicisinin satıcı kimi qeydiyyata dayanmaq istədiyi təsərrüfat subyektlərinin (obyektlərinin) sayı 5-dən çox olduqda, onların siyahısı formanın yalnız 4-cü hissəsini doldurmaqla ərizəyə əlavə edilir.

“4. Ərizənin məzmunu” bölməsində vergi ödəyicisi tərəfindən 4.1 sətrində müvafiq xanada qeydiyyatın qüvvəyə minmə tarixi (gün, ay, il) göstərilir. 4.2, 4.3 və 4.4 sətirlərində ərizəni imzalayan vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin soyadı, adı və atasının adı və 4.5 sətrində ərizənin vergi orqanına təqdim edilmə tarixi qeyd edilir. Ərizə 4.6 sətrinə uyğun yerdə imzalanır.

Ərizə hüquqi şəxsin rəhbəri tərəfindən təqdim edildikdə ərizə möhürlə təsdiqlənməlidir. Ərizə hüquqi şəxsin rəhbərinin səlahiyyətli nümayəndəsi tərəfindən təqdim edildikdə, ərizəyə həmin şəxsin səlahiyyətini təsdiq edən sənəd əlavə edilir və ərizənin möhürlə təsdiq edilməsi tələb olunmur.

“5. Vergi orqanının qeydləri” bölməsi ərizəni qəbul edən və ərizədə göstərilənlərin düzgünlüyünü yoxlayan vergi orqanının vəzifəli şəxsi tərəfindən doldurularaq imzası ilə təsdiq edilir.

Ərizənin hər hansı bir rekviziti üzrə məlumat olmadıqda, həmin rekvizit üçün ayrılmış yerə (“X” işarəsi qoyulmalı olan xanalar istisna olmaqla) “YOXDUR” sözü yazılmalıdır. Rekvizitlərin boş saxlanılmasına yol verilmir.

Ərizə kağız formatda təqdim olunduqda, bütün rekvizitləri Azərbaycan dilində (latın qrafikası) böyük çap hərfləri ilə qara və ya tünd göy rəngli qələmdən istifadə edərək vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən yazılmalıdır. Ərizənin karandaşla doldurulmasına icazə verilmir. Ərizənin kompüter vasitəsilə də doldurulmasına icazə verilir. Ərizə səlahiyyətli nümayəndə tərəfindən təqdim edildikdə səlahiyyəti təsdiq edən sənədin ərizəyə əlavə edilməməsi ona baxılmasından imtina edilməsinə əsas verir.

ƏDV-nin qaytarılması şərtilə satış həyata keçirmək istəyən satıcı kimi qeydiyyata alınmaq üçün müraciət edən vergi ödəyicisinin Azərbaycan Respublikasının Prezidentinin 12 iyul 2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş “Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin geri qaytarılması Qaydası”nın tələblərinə cavab verməməsi onun qeydiyyata alınmasından imtina edilməsinə əsas verir.

Sosial şəbəkələrdə

TaxFREE Kalkulyator

TaxFREE Azərbaycan © 2016